Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-05 15:59:00
Xarici ölkələrdə imtahanlar necə təşkil olunur? – Azərbaycanla MÜQAYİSƏ

Yanvar ayı Azərbaycan ali məktəblərində qış imtahanlarının keçirilməsi ilə xarakterizə olunur. Tələbələr bir ay boyunca əlaçılıq, zərbəçilik və ya imtahanları kəsrsiz yola vermək uğrunda bir növ mübarizə aparırlar.

Maraqlıdır, görəsən xaricdə təhsil alanlar imtahanlara necə hazırlaşır və imtahanlar necə təşkil olunur?

AzEdu.az bununla bağlı xaricdə təhsil alan həmyerlilərimizin fikrini öyrənib:

Cənubi Koreyada Hankuk Xarici Dillər Universitetinin məzunu  Nurlana Məmmədova bildirib ki, tələbələr imtahanlara fərdi və ya tələbə yoldaşları ilə birlikdə  hazırlaşır. Onlar əsasən məkan olaraq kitabxana və “kofeşop”ları seçirlər:  

“Cənubi Koreyada universitetlərində  yaz və qış semestri olur. Yaz semestri  mart ayından başlayıb  iyunun sonuna qədər davam edir. İyul və avqust ayının sonuna qədər yay tətili olur. Payız semestri isə sentyabr ayından başlayaraq  dekabrın ortalarına qədər davam edir.  

C.Koreyada universitetlərə qəbul olmaq üçün şagirdlər çox ciddi hazırlaşır. Baxmayaraq ki, burada məktəblərdə təhsil keyfiyyətli olsa da,  valideynlər övladlarını ölkənin ən yaxşı universitetinə göndərmək üçün yarışa girirlər. Ölkənin ali təhsil müəssisələrində Azərbaycandan fərqli olaraq mühazirə və seminar dərsləri olmur. Tələbənin biliyi semestrin sonunda verəcəyi imtahanla qiymətləndirilir. Qış semestri dekabrın üçüncü  həftəsində yekunlaşır. Burada imtahanlar əsasən yazılı keçirilir. C.Koreyanın bəzi universitetlərində ixtisasdan asılı olaraq tələbələrə imtahanlarda kitablardan istifadə etməyə də şərait yaradılır. Yəni tələbələr kitaba baxaraq suallara cavab verir. Amma bu, o demək deyil ki, məhz müəllimin istədiyi cavab kitabda öz əksini tapıb. Burada məqsəd tələbənin bir semestr ərzində öyrəndiyi biliyi nə dərəcədə mənimsəməsidir.

Ölkənin universitetlərində maksimum qiymət 100 baldır. Burada latın əlifbasında olan hərflərlə də (A+,A, A0,B(+-),C,D,E,F) dərəcələrə bölünür”.

Macarıstanın Kornivus Universitetinin tələbəsi Abdulla Məmmədli isə təhsil aldığı ölkədə bəzi hallarda imtahan olmadığını, sadəcə dərs müddətində hansısa tədqiqat işinin aparıldığını bildirib:

“Təhsil aldığım Korvinus Universitetində semestr ərzində aralıq (midterm) və son (final) imtahanı olur. Burada tələbələr aralıq imtahanında iştirak edib, uğurlu nəticə göstərirlərsə, son imtahanda ancaq yerdə qalan dərs materiallarına əsasən imtahan verirlər. Universitetdə tələbələr aralıq imtahanında iştirak etməyə də  bilər, ancaq bu zaman sonda bütün dərs materiallarından imtahan verməli olurlar. Son imtahanda tələbələrin, adətən, üç şansı olur. Yəni əgər birinci imtahanda uğursuz nəticə əldə edirlərsə, bu, "dünyanın sonu" deyil. Burada tələbələrin digər imtahanda da iştirak etmək şansları olur. Tələbələr əsasən universitetin kitabxanasında fərdi və ya birlikdə imtahana hazırlaşır.  Azərbaycanın bəzi universitetləri ilə müqayisədə burada imtahanlar yalnız bir dəfə keçirilmir”.

Polşanın Lodz Universitetinin məzunu, eyni zamanda Almaniyan Tübingen Universitetində oxuyan Samir Babayev təhsil aldığı ölkələrdə imtahanlara hazırlaşmaqda çətinlik çəkmədiyini bildirib:

“Polşada təhsil aldığım müddətdə imtahanlarda o qədər də çətinlik yox idi.   Orada tələbələr imtahana birlikdə hazırlaşır. Çünki imtahan qruplarla müsahibə və ya təqdimat istiqamətindədir.

Amma Almaniyada bir qədər fərqli idi. Burada imtahanlar standart olaraq yazılı təşkil olunur. Azərbaycan ali məktəblərindən fərqli olaraq Almaniya universitetlərində imtahanlarda sual olmur. Eyni zamanda burada qayıb limiti olmur və tələbələri heç kim dərsə, imtahana getməyə məcbur etmir”.    

Günel Yaşarqızı
Müəllifin digər yazıları